Rusiya xarici təhdidlər qarşısında öz milli suverenliyini müdafiə etməkdə Venesuela hökumətinə dəstəyini ifadə edir.
Medialive xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko Rusiya-Venesuela Hökumətlərarası Komissiyasının 19-cu iclasında deyib.
“Rusiya hökuməti adından biz Venesuela Prezidenti Nikolas Maduronun hökumətinə dəstəyimizi və xarici təhdidlər qarşısında öz milli suverenliyini müdafiə etməkdə qardaş Venesuela xalqı ilə həmrəy olduğumuzu bildiririk. Biz Venesuela xalqının öz vətənlərinin həqiqi suverenliyini müdafiə etdiyi mətanət və qətiyyətə heyranıq” – deyə Çenışenko qeyd edib.
“Biz hərbi-texniki sahədə də strateji tərəfdaşlığımızı genişləndiririk”, – Rusiya baş nazirinin müavini əlavə edib.
Çernışenko vurğulayıb ki, Venesuela Latın Amerikasında və qlobal miqyasda ardıcıl olaraq Rusiyanın etibarlı tərəfdaşı və müttəfiqi olaraq qalır.
O bildirib ki, Moskva Karakasla bütün səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə etimad əsaslanan siyasi dialoqu yüksək qiymətləndirir. O, həmçinin əmin edib ki, Rusiya respublika ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətindədir.




















