Hollandiya Ukraynaya əlavə 250 milyon avro hərbi dəstək verəcək.
Medialive xəbər verir ki, bu barədə Hollandiyanın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib.
“Bu gün mən PURL vasitəsilə Ukrayna üçün 250 milyon avro ayrıldığını elan edirəm. Bu, çox qısa müddətdə daha çox hava hücumundan müdafiə sursatları, həmçinin Amerika ehtiyatlarından F-16 döyüş sursatları və digər materialların əldə edilməsinin yeganə yoludur”, – o, Aİ müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündən əvvəl deyib.
Qeyd edək ki, PURL (Prioritetli Ukrayna Tələblər Siyahısı) təşəbbüsü iyulun 14-də ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən irəli sürülüb.
Bu mexanizm çərçivəsində NATO müttəfiqləri ABŞ-nin ehtiyatlarından Ukrayna üçün silah alırlar. PURL çatdırılması hər iki-üç həftədən bir həyata keçirilməlidir.




















