Viktor Orban Aİ-nin Ukraynaya maliyyələşdirməsinin davam etdirilməsi ideyasını təhlükəli hesab edir, çünki bu, Rusiya ilə hərbi münaqişənin uzanmasına yönəlib.
Medialive xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Brüsseldə keçirilən Aİ sammitindən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Orban Ukraynaya hərbi yardım göstərməyə qarşı olduğunu təsdiqləyib.
“Mən Avropa İttifaqının müharibəyə cəlb olunmasını istəmirəm. Ukraynaya pul vermək isə müharibə deməkdir”, – deyə Orban qeyd edib.
O, həmçinin qeyd edib ki, məsələ ilə bağlı danışıqlar dalana dirəndiyindən, Rusiya aktivlərinin müsadirə edilməsi təşəbbüsünü ölü hesab edir.
O, əlavə edib ki, Avropa Komissiyasının bu məsələ ilə bağlı təklifi ən yüksək səviyyədə kifayət qədər dəstək almır.
Orban izah edib ki, Aİ rəhbərliyi əslində münaqişənin bir tərəfindən olan Rusiyadan pul götürüb digər tərəfə, Ukraynaya təhvil verməyi təklif edir.
O, Brüssel sammitində Ukraynanın maliyyələşdirilməsinə etiraz edəcəyini və Macarıstanın Avropa Komissiyasının maliyyə sxemlərində iştirak etməsinə icazə verməyəcəyini bildirib.
“Mən sülh üçün çalışıram. Biz müharibə üçün deyil, sülh üçün addımlar atmalıyıq”, – deyə Orban vurğulayıb.




















