Almaniya Rusiyanın Ukrayna enerji infrastrukturlarına hücumlarına cavab olaraq, Kiyevə əlavə 70 milyon avro yardım ayırıb.
Medialive xəbər verir ki, bu barədə Almaniyanın İnkişaf naziri Rim Alabali-Radovan bildirib.
Alabali-Radovan bildirib ki, nazirlik iki milyon yarımdan çox insana istilik, su və elektrik enerjisi təmin etmək üçün yardımı genişləndirəcək.
“Xüsusilə də soyuq qışda Ukraynanın əsas enerji ehtiyaclarını ödəmək üçün təcili yardım çox vacibdir”, – deyə o qeyd edib.
Nazir vurğulayıb ki, böyük elektrik stansiyalarına hücum olsa belə, bələdiyyələr məktəblərin, uşaq bağçalarının və xəstəxanaların isitmə sisteminə zəmanət verə bilməlidirlər. Bu enerji təchizatı tədbirləri insanların gündəlik həyatlarını təşkil etməsinə kömək edəcək.




















