Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Medialive.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi fərdi sahibkar Səfərov Əşrəf Səxavət oğludur. İcarə xidmətinə görə, sahibkara 1 073 010 manat ödəniləcək.
İcarə müddəti 30 aydır. Bu halda aylıq icarə haqqı 35 767 manat edir.
Əşrəf Səfərov vaxtilə “Parabank”ın Nəsimi filialına rəhbərlik edir. Bu barədə mediada dərc edilən məlumatlardan aydın olur ki, onun və atasının adı “Parabank”la bağlı 40 milyonluq qeyri-leqal maliyyə əməliyyatında hallanıb.
İddialara görə, “Kia Motors AZ” MMC dövlət 40 milyon manat gizlədib. Həmin vəsait isə “Parabank”ın Nəsimi filialında, yəni, Əşrəf Səfərovun rəhbərlik etdiyi filialda aşkarlanıb. Bundan sonra Vergilər Nazirliyi bankda yoxlamalara başlayıb.
“Kia Motors AZ” MMC ilə Əşrəf Səfərov arasındakı bağlılığa gəlincə, o, 2024-cü ilə qədər sözügedən şirkətin qanuni təmsilçisi olub. Hazırda isə şirkətin qanuni təmsilçisi qardaşı Faiq Səfərovdur. Şirkətin faktiki sahibi kimi Əşrəf Səfərovun atası Səxavət Səfərovun adı çəkilir.