18:25
Medialive.az xəbər verir ki, məsələ ilə bağlı Yeniera.az-ın sorğusuna cavab olaraq “Bolt”dan bildirilib ki, hazırda Gəncə şəhərində “Bolt” platformasında hər hansı sistemli nasazlıq və ya xidmətin fəaliyyətini məhdudlaşdıran texniki problem qeydə alınmayıb. Platformada sürücü və sifarişçi aktivliyi davam edir.
Şirkətdən qeyd olunub ki, sürücülərin bir qrupunun qiymət siyasəti ilə bağlı narazılıqları və fəaliyyətlərini müvəqqəti olaraq məhdudlaşdırmaları barədə məlumatlıdırlar.
“Bolt olaraq sürücülərimizin rəylərini və təkliflərini daim dinləyir, platformanın bütün tərəflər – həm sürücülər, həm də sərnişinlər üçün balanslı və dayanıqlı şəkildə fəaliyyət göstərməsi istiqamətində mütəmadi qiymətləndirmələr aparırıq. Qeyd etmək istərdik ki, platformada qiymətlər bir sıra amillər, o cümlədən tələb və təklif nisbəti, bazar şəraiti və xidmətin əlçatanlığını nəzərə alan dinamik mexanizmlər əsasında formalaşır. Bolt sürücülərlə açıq dialoqa önəm verir və onların rəy və təkliflərini nəzərə almağa davam edəcək. Məqsədimiz həm sərnişinlər üçün etibarlı xidmət göstərmək, həm də sürücülər üçün səmərəli əməkdaşlıq mühiti yaratmaqdır”.
**********
Gəncədə bir qrup taksi sürücüsü “Bolt” taksi şirkətinin qiymətlərindən narazılıq edirlər.
Medialive.az xəbər verir ki, Yeniera.az-ın redaksiyasına müraciət edən sürücülərin bir qismi qeyd edir ki, onlar işə çıxmayaraq, şəhərin mərkəzində dayanaraq şirkətə etirazlarını nümayiş etdirirlər.
Belə ki, sürücülər vurğulayıb ki, “Bolt” şirkəti onlara qarşı ciddi haqsızlıq edir. Bu səbəbdən sürücülər də çıxış yolunu etiraz etməkdə görürlər.
Mövzu ilə bağlı “Bolt” şirkətinin mövqeyini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:




















