ABŞ Prezidenti Donald Tramp G7 sammiti çərçivəsində dünya liderləri ilə görüşlərini davam etdirir.
Medialive.az xəbər verir ki, Tramp bu dəfə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Görüş zamanı ABŞ Prezidenti Livandakı gərginliklə bağlı İsrailə bir daha xəbərdarlıq edib.
“İsrailin özünü müdafiə edə bilməsini, eyni zamanda sağlam düşüncə ilə hərəkət etmələrini istəyirəm”.
Tramp görüşdə Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı sualları da cavablandırıb:
“İran nüvə silahına sahib olmayacaq və Hörmüz boğazı dərhal açılacaq. İranla bağlanan müqavilə sayəsində fond bazarı indekslərində böyük artım müşahidə olunub və neft qiymətləri xeyli aşağı düşüb. Nüvə silahından azad İran dövləti olacaq. Onlar 47 ildir ki, dünyadan istifadə edir və hazırkı müqavilə İranın nüvə silahına sahib olmasının qarşısını alan divardır. Əgər İran müqaviləyə riayət etməsə, biz yenidən sıfırdan başlayacağıq. Biz İrana gedib ilk həftədə onları hərbi cəhətdən məğlub etdik. İstəyirəm ki, İsrail bunu qiymətləndirsin. Müqavilələrin nəyə gətirib çıxaracağını heç vaxt bilmirsiniz, amma tezliklə biləcəksiniz. Onlar bu sövdələşməni imzalayaraq normal həyatlarına qayıtmaq istəyirlər” – deyə Tramp əlavə edib.