“Dövlət Proqramında konkret hədəflər müəyyən edilib. İxtisaslaşmış rayonlarda pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, texnika təminatının yaxşılaşdırılması, torpaq resurslarından səmərəli istifadəni və məhsuldarlığın artırılmasını təmin edən qabaqcıl aqrotexniki yanaşmaların, o cümlədən lazer hamarlama texnologiyasının tətbiqi, pambıq istehsalının artımına uyğun əlavə məhsul subsidiyasının tətbiqi, ölkədə pambıq toxumçuluğunun inkişaf etdirilməsi, pambıqçılıqda emal sənayesinin inkişafının dəstəklənməsi, zəruri meliorativ tədbirlərin görülməsi əsas istiqamətlər sırasındadır.
Bir daha xatırlatmaq istəyirəm ki, pambıqçılıq sahəsində 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın hər hektardan 50,0 sentnerə çatdırılması və emal sənayesini inkişaf etdirərək mahlıcdan alınan hazır məhsulların ixracına nail olmaqdır”.
Medialive.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Sabirabada keçirilən regional müşavirədə çıxışında deyib.
Zeynal Nağdəliyev qeyd edib ki, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ilk növbədə mövcud olan problemlərin aradan qaldırması istiqamətində ciddi addımlar atılmalıdır: “Xüsusilə suvarma təminatında yaranan fasilələr, texnika parkının köhnəlməsi, maliyyə resurslarına çıxışın məhdudluğu, mahlıcın satış qiymətinin aşağı olması, məhsulun keyfiyyət göstəriciləri, kadr potensialının zəifliyi, toxumçuluğun təşkili, torpaq və infrastruktur məsələləri sahənin inkişafına təsir edən əsas amillər kimi çıxış edir.
Əlbəttə, bu problemlərin həlli yalnız bir qurumun fəaliyyəti ilə mümkün deyil. Pambıqçılıqda məhsuldarlığın artırılması, fermerlərin gəlirlərinin qorunması, şirkətlərin maliyyə dayanıqlığının təmin olunması və emal sənayesinin xammal bazasının gücləndirilməsi dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti, yerli icra hakimiyyəti orqanlarının fəal iştirakı və özəl sektorun məsuliyyətli yanaşmasını tələb edir.
Suvarma və enerji təminatının yaxşılaşdırılması, yeni müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün ola bilər.
Su və torpaq resurslarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin yaxşılaşdırılması, mövcud kanalların təmizlənməsi, habelə sudan istifadə sahəsində maarifləndirmə işinin gücləndirilməsi xüsusi diqqət tələb edir”.




















