“Tbilisi İpək Yolu Forumu həmişə regional dialoq üçün mühüm platforma olub və belə də qalacaq”.
Medialive “İnterpress News”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisi İpək Yolu Forumunun açılışı zamanı deyib.
Kobaxidzenin sözlərinə görə, Tbilisi İpək Yolu Forumu ideyaların real layihələrə çevrildiyi regional və qlobal əməkdaşlıq üçün effektiv vasitəyə çevrilib:
“Forum ilk dəfə 2015-ci ildə işə başlayanda məqsədimiz dialoq platforması yaratmaq idi. Bu gün, on il sonra, Tbilisi İpək Yolu Forumu sadəcə görüş yeri deyil. O, ideyaların real layihələrə çevrildiyi regional və qlobal əməkdaşlıq üçün effektiv vasitəyə çevrilib. Mən xüsusilə şadam ki, bizim dostlarımızın və strateji tərəfdaşlarımızın – Ermənistan və Azərbaycanın baş nazirləri bu gün bizə qoşuldular. Sizin burada iştirakınız təsdiq edir ki, biz Cənubi Qafqaz ölkələri kimi ümumi baxışı paylaşırıq – regionumuzu sülh, sabitlik və iqtisadi imkanlar məkanına çevirmək üçün birgə işləmək”.




















