“Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar, məhdudiyyətlər tətbiq olunub, eyni zamanda Rusiyanın diplomatlarını, siyasi xadimlərini mühüm görüşlərdə görmək istəmirlər. Onların çıxışı zamanı nümayişkəranə şəkildə zallar tərk edilir”.
Bu fikirləri Medialive-yə açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
O bildirib ki, Trampın Putinə böyük rəğbəti olsa da, sonuncu görüşdə ciddi fikir ayrılığı yaşandı:
”Baxmayaraq ki, ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə böyük hörmətlə yanaşır, lakin son dəfə keçirilən danışıqlar, eləcə də təmaslar kontekstində ciddi fikir ayrı-seçkiliyi hökm sürür. Bu da münasibətlər sisteminə təsir edir. Putinin G20 sammitində iştirak etməməsi həm də özünə qarşı olan münasibətləri ifadə edir, eyni zamanda o, çalışır ki, tələbləri yerinə yetirilsin. Əlbəttə ki, Avropanın təhlükəsizliyi Ukraynanın gələcəyi üçün böyük suallar doğurmaqdadır. Ona görə də Avropa liderləri müxtəlif görüşlərdə, toplantılarda həm də təhlükəsizlik müstəvisində məsələləri prioritetə qoyurlar”.
Politoloq qeyd edib ki, Putinin G20-də iştirak etməməsi danışıqların bir nəticə verməməsi ilə əlaqədardır:
”Hesab edirəm ki, bu görüşdə Putinin iştirak etməməsi birbaşa Əgər Rusiya-Ukrayna müharibəsi ilə bağlı çox böyük irəliləyiş, pozitiv inkişaf əldə olunsaydı, o zaman şübhəsiz ki, Putinin G20-də iştirakı da yaddaqalan olardı və Rusiya ilə bağlı periodun yeni təməlləri atılardı. Hazırkı dövrdə isə çox tarıma çəkilmiş münasibətlər müxtəlif görüşləri də istisna edir”.
Qeyd edək ki, Kreml sözçüsü Dmitriy Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək.




















