Xəbər verdiyimiz kimi, “TikTok” Azərbaycanda təxminən 900 min videonu platformadan silib. Şirkət bu addımı dezinformasiyanın və istifadəçilərin yanlış məlumatlarla qarşılaşmasının qarşısını almaq məqsədilə atıb. Lakin təəssüf ki, hələ də TikTok-da qeyri-etik məzmun və qayda pozan videolara rast gəlmək mümkündür.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Medialive-yə açıqlamasında deyib ki, “TikTok”un bu addımı təqdirəlayiqdir:
“”TikTok”un Azərbaycan seqmentində 900 minə yaxın videonu silməsi çox mütərəqqi addımdır. Videoların 98%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib ki, bu da yaxşı haldır. Çünki biz bəzən şahidi oluruq ki, hansısa dezinformasiya və ya feyk xəbər günlərlə sosial şəbəkələrdə qalır. Daha sonradan onu silməyin də heç bir mənası qalmır. Silinən videoların kontenti haqqında heç bir məlumat verilməməsi şübhəli məqamlardan biridir. Bəzən heç bir qayda pozuntusu olmayan videoların belə “TikTok”dan silindiyini görürük. Bu isə həmin kanal və profillərin daha sonra bloklanmasına gətirib çıxarır. “TikTok” isə bununla bağlı bəzən çox gec qərar verir və nəticədə qayda pozmayan hesablar da silinir”.
Ekspert bildirib ki, “TikTok” Azərbaycanda saxta videoların və dezinformasiyaların qarşısının alınmasında aktiv rol oynayan sosial platformadır:
“”TikTok” Azərbaycanda saxta videoların və dezinformasiyaların qarşısının alınmasında aktiv rol oynayan sosial platformadır. “TikTok” rəhbərliyi dəfələrlə ölkəmizə gələrək bu istiqamətdə işlər aparıb. Bu, sevindirici haldır. Düşünürəm ki, növbəti mərhələlərdə “TikTok” ilə Azərbaycan arasında daha sıx əməkdaşlığın şahidi olacağıq”.
H.Heydərli qeyd edib ki, ən narahatedici məqam isə “TikTok”a Azərbaycandan nə qədər istifadəçinin daxil olmasıdır:
“Bizi ən çox düşündürən məsələlərdən biri isə “TikTok”a Azərbaycandan nə qədər istifadəçinin daxil olmasıdır. Bu günə qədər rəsmi press-relizlərdə və “TikTok” nümayəndələri ilə görüşlərdə bu suala cavab tapılmayıb. Hesab edirəm ki, “TikTok” gələcəkdə Azərbaycanlı istifadəçilərin sayını dəqiq açıqlasa, şəffaflıq tam təmin olunar”.