Çin ABŞ-dən idxala tətbiq edilən 24 faizlik əlavə rüsumları bir il müddətinə dayandırmağa davam edəcək.
Medialive xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Gömrük Komitəsinin yaydığı məlumatda deyilib.
Adıçəkilən komitənin məlumatına görə, bu düzəliş 10 noyabr 2025-ci ilə qüvvəyə minəcək.
Komitə qeyd edib ki, bu addım Çin-Amerika ticarət-iqtisadi məsləhətləşmələri zamanı əldə olunmuş nəticələrin və konsensusun həyata keçirilməsinə yönəlib.
Əlavə edilib ki, Çin və ABŞ arasında müəyyən əlavə tariflərin dayandırılmasının uzadılması ikitərəfli ticarət və iqtisadi əlaqələrin sağlam, sabit və davamlı inkişafına kömək edəcək, hər iki ölkənin xalqlarına fayda gətirəcək və qlobal çiçəklənməyə töhfə verəcək.
Daha əvvəl mart ayında dərc edilmiş bildirişə görə, Çin ABŞ-dan idxal edilən toyuq, buğda, qarğıdalı və pambığa əlavə 15% rüsum tətbiq etmək qərarına gəlib. Sorqo, soya, donuz əti, mal əti, su məhsulları, meyvə, tərəvəz və süd məhsullarına əlavə 10% tarif tətbiq edilib.
Komitə Çin və ABŞ arasında bəzi əlavə gömrük rüsumlarının dayandırılmasının iki ölkənin və onların xalqlarının əsas maraqlarına uyğun olduğunu, beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verdiyini və ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına töhfə verəcəyini vurğulayıb.




















