ABŞ dövlət katibi Marko Rubio Kanadada G7 Xarici İşlər Nazirləri Sammitində jurnalistlərlə sğhbəti zamanı Ukraynadakı müharibə və Rusiyaya qarşı sanksiyalarla bağlı danışıb.
Medialive xarici mətbuata istinadən xəbər verir ki, Rubio bildirib ki, ABŞ Rusiyaya sanksiyalarla böyük zərbə vurub.
“Bizim çox sanksiyamız qalmayıb. Biz onların ən böyük neft şirkətlərini vurduq, hamının bizdən tələb etdiyi budur. Aydındır ki, bunları həyata keçirmək lazımdır və yalnız bir müddətdən sonra effekt olacaq. Sanksiya imkanlarımız tükənir”, – Rubio deyib.
Rubio qeyd edib ki, Avropa kölgə donanmasına qarşı sanksiyaları tətbiq etmək üçün çox şey edə bilər.
Rubio onu da əlavə edib ki, Rusiya və ABŞ prezidentləri arasında görüş yalnız konkret nəticələr vermək potensialına malik olduğu halda baş tuta bilər.
Rubio həmçinin NATO-ya üzv Avropa ölkələrinin hava məkanına müdaxiləni pisləyib:
“Biz hesab edirik ki, bunlar Rusiyanın təxribatıdır”.
Qeyd edək ki, ABŞ bu il oktyabrın ikinci yarısında “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib.




















