Konqresdə hazırlanmış ABŞ Müdafiə Nazirliyinin büdcə layihəsi Avropada yerləşdirilən ABŞ hərbçilərinin sayının 45 gündən artıq müddətə 76 mindən aşağı salınmasını qadağan edib.
Medialive xəbər verir ki, bu barədə bu həftə səsverməyə çıxarılacaq sənəddə qeyd edilib.
Qanun layihəsində nəzərdə tutulub ki, hərbi rəhbərlər ABŞ-nin Avropa Komandanlığının (EUCOM) nəzarəti altında olan qoşunların sayını 45 gündən çox müddətə müdafiə naziri Pit Heqset və EUCOM komandiri Konqresə belə bir hərəkətin ABŞ-nin milli maraqlarına uyğun olduğuna dair hesabat təqdim edənə qədər 76 mindən aşağı azalda bilməz.
Onlar həmçinin ilk növbədə NATO müttəfiqləri ilə məsləhətləşməlidirlər.
Bundan başqa, sənəd mülkiyyət hüququnun Avropa ölkələrinə qaytarılmasını və ya ABŞ Silahlı Qüvvələrinin hərbi bazalarının ərazisinin və daşınmaz əmlakının başqa yolla qaytarılmasını, habelə dəyəri 500 min dollardan çox olan hər hansı əmlakın Avropadan köçürülməsini qadağan edir.
Qeyd edək ki, oxşar məhdudiyyətlər Koreya Respublikasındakı Amerika qoşunlarının minimum sayına da tətbiq edilir.




















