ABŞ-nin nüvə enerjisi ilə işləyən USS Greeneville sualtı qayığı təchizatı artırmaq üçün Cənubi Koreyanın Busan şəhərindəki dəniz bazasına gəlib.
Medialive xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Sualtı qayığın uzunluğu 110 metr, eni 10 metrdir və heyətində 110 nəfər var. USS Greeneville dəqiq idarə olunan Tomahawk qanadlı raketləri və 12 şaquli buraxılış sistemi, eləcə də torpedalar və dörd torpedo borusu ilə silahlanıb.
Məlumata görə, Cənubi Koreya Hərbi Dəniz Qüvvələri ABŞ sualtı qayığının Cənubi Koreya bazasında qalması müddətində ABŞ hərbçiləri ilə təcrübə mübadiləsi aparmağı planlaşdırır ki, bu da birgə döyüş hazırlığını daha da gücləndirəcək.
USS Greenevill gəmisi iyunda vəzifəyə başlayan Cənubi Koreya Prezidenti Li Çje Myunqun rəhbərliyi altında Koreya yarımadasına gələn ilk ABŞ nüvə sualtı qayığı olub.
Sualtı qayıq əvvəllər Koreya Respublikasına üç dəfə, sonuncu dəfə isə 2016-cı ildə səfər edib.




















