Azərbaycan Dəmir Yollarının Gəncə Lokomotivlərin Təmir Deposuna məxsus xidməti avtomobilin qəzaya uğraması ilə bağlı məlumat yayılıb.
Medialive.az xəbər verir ki, məlumata əsasən, sükan arxasında vəzifəli şəxs içkili vəziyyətdə olub.
Qəza törədən şəxs işıq dirəyini aşırıb.
Həmçinin, qəzadan sonra avtomobilin depo ərazisində gizlədilməsi və gecə ilə ərazidən çıxarılmasına cəhd edilməsi də məlumatda qeyd edilib.
Hadisənin detalları və iddiaların doğruluğu ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov NOCOMMENT.az -a açıqlamasında faktı təsdiqləyib.
“Fevralın 13-də Gəncə şəhəri ərazisində dəmiryolu xəttinin yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və sürücünün hadisə yerindən yayınması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin T. Əhmədov olduğu müəyyən edilib.
Araşdırma zamanı sürücünün qəza baş verən vaxt sərxoş vəziyyətdə olduğu da aşkarlanıb. Faktla bağlı araşdırma aparılır”, – açıqlamada qeyd edilib.
***
Məsələ ilə bağlı ADY-dən fakt təsdiqlənib və araşdırma aparıldığı bildirilib:
“Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun 13 fevral tarixində axşam saatlarında Zülfü Hacıyev küçəsi 1 ünvanında, Qərb vaqon deposunun yaxınlığında idarə etdiyi GWM markalı 77-YT-473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qəza törətməsi ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb avtomobilin qarşısına qəfil it çıxması olub.
Belə ki, Tərlan Əhmədov heyvanı vurmamaq məqsədilə həmin vaxt saatda 37 km sürətlə idarə etdiyi avtomobilin sükanını kənara yönəldib, nəticədə nəqliyyat vasitəsinin ön sol təkəri yoldakı çuxura düşüb, idarəetmə itirilib və avtomobil yaxınlıqdakı işıq dirəyinə çırpılıb”.
ADY-dən, həmçinin bildirilib ki, hadisə barədə aidiyyəti üzrə məlumat verilib.
























