Bundestaq (Almaniya parlamenti) Almaniya Silahlı Qüvvələri üçün 50 milyard avrodan çox müdafiə satınalma paketini təsdiqləyib.
Medialive xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, vəsait hərbçilər üçün fərdi mühafizə vasitələri və formaların alınmasına sərf olunacaq. Bundan əlavə, Arrow 3 raketdən müdafiə sisteminin genişləndirilməsinə təxminən 4 milyard avro, Patriot hava hücumundan müdafiə sistemi üçün isə 2 milyard avro ayrılacaq. Əlavə Puma piyada döyüş maşınlarına 4 milyard avrodan çox vəsait xərclənəcək.
25 milyon avroluq həddi aşan bütün satınalma layihələri Bundestaqın Büdcə Komitəsi tərəfindən təsdiqlənməlidir. 2025-ci ildə ümumilikdə 103 təklif təsdiqlənib ki, bu da ümumi investisiyası 82,98 milyard avro olan əsas müdafiə layihələrinin başlanğıcını qeyd edir. Son üç ildə 188,4 milyard avro investisiya qoyulub.
Qeyd edək ki, 2026-cı ildə Almaniyanın müdafiə büdcəsi təxminən 108 milyard avroya qədər artacaq ki, bu da Soyuq Müharibənin bitməsindən bəri ən yüksək məbləğdir. Vəsaitlər əsasən hərbi texnika və sursat almaq üçün istifadə olunacaq və bunun əhəmiyyətli bir hissəsi kreditlər hesabına maliyyələşdiriləcək.




















