Son illər Azərbaycanda yanvar-fevral aylarında bəzi məhsullarda, eyni zamanda xidmət haqlarında qiymət artımı müşahidə edilir.
Bu da təbii ki, cəmiyyətdə müsbət reaksiya ilə qarşılanmır.
Əsasən də ölkədə yanacaq qiymətinin artımı xoşagəlməz faktora çevrilib.
Bəs, Azərbaycanda yanvardan etibarən hansı məhsullarda qiymət artımı gözlənilə bilər?
Görəsən, benzinin bahalaşması məsələsi gündəmə gələ bilərmi?
Məsələ ilə bağlı Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı Natiq Cəfərli Medialive-yə açıqlama verib.

O, açıqlamasında bildirib ki, qiymətlərin nə vaxt artacağını TARİF şurasına müraciətlər və yaxud hökumətin qərarları müəyyənləşdirir:
“Dövlət tərəfindən tənzimlənən qiymətlərin nə vaxt artacağını TARİF şurasına müraciətlər və yaxud hökumətin qərarları müəyyənləşdirir. O ki qaldı benzinin qiymətinin artmasına”.
İqtisadçı qeyd edib ki, ucuzlaşan neft qiymətləri fonunda Azərbaycanda benzinin qiymətini artırmaq məntiqsizlik olar:
“Benzin qiymətinin artması absurd olar. Çünki dünya bazarında neftin qiymətində ucuzlaşma var. Bu ilin əvvəlindən qiymətlər təqribən 15-20 faiz civarında ucuzlaşıb. Ucuzlaşan neft qiymətləri fonunda benzinin qiymətini artırmaq tamamilə məntiqsizlik olar. Ümid edirik ki, belə addımlara Azərbaycan hökuməti getməyəcək. Çünki istənilən halda yanacağın qiymətinin artması böyük inflyasiyanı özündə ehtiva edir. Daha çox qiymətlərin artımına təkan verir”.
Mikayıl Mirzəzadə




















