CANLI
Gündəm

“Azəripək” “Azərxalça”ya birləşdirildi - Fərman

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Medialive.az xəbər verir ki, sözügedən Fərmana əsasən, “Azərxalça” ASC (bundan sonra – Cəmiyyət) “Azəripək” ASC-in ona qoşulması formasında yenidən təşkil ediləcək.

Cəmiyyət tərəfindən baramaçılığın damazlıq işinin təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə onun tabeliyinə verilir, həmçinin “Azəripək” ASC-in dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır.

Qeyd olunub ki, Cəmiyyət ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir, o, “Azəripək” ASC-in hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Azərbaycan Prezidentinə Cəmiyyətin yenidən təşkili və ləğvi, icra orqanının yaradılması, İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Nazirlər Kabinetinə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi, İqtisadiyyat Nazirliyinə bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycanın Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi, həmçinin Azərbaycanın normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi barədə məlumat verilməlidir.

Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, üç ay müddətində bu Fərmanın 1-ci, 2-ci və 5-ci hissələri nəzərə alınmaqla normativ hüquqi aktların təkmilləşdirilməsi, altı ay müddətində ölkədə istehsal olunan yaş baramanın daxili emalının genişləndirilməsi, ipəkçilik üzrə tam istehsal zəncirinin formalaşdırılması və yüksək əlavə dəyər yaradan ipək məhsullarının istehsalının artırılması, Cəmiyyətin yeni nizamnaməsini, strukturunu və nizamnamə kapitalının miqdarını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, “Azəripək” ASC-in əmlakının altı ay müddətində Cəmiyyətin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi bu Fərmanın 1–3-cü hissələri nəzərə alınmaqla, Cəmiyyətin nizamnamə kapitalının miqdarına dair Azərbaycanın Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, Cəmiyyətin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Cəmiyyət xalçaçılıq, baramaçılıq və ipəkçilik ənənələrinin Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda tanıdılması, müvafiq məhsulların brendləşdirilməsi və ixracının təşviqi ilə bağlı təkliflərini İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla hazırlayıb altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.2-ci bəndinə əsasən yaradılmış Aqrar Subsidiya Şurası həmin Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq ölkədə istehsal edilərək tədarükçülərə təhvil verilən yaş baramaya və tut bağlarının salınmasına görə verilən subsidiyanın məbləğinə yenidən baxmalıdır.

Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn tədbirlərin maliyyələşdirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.

İqtisadiyyat Nazirliyi və Cəmiyyət bu Fərmanın 1-ci və 3-cü hissələrinin icrasının təmin edilməsi məqsədilə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görməlidir.