“Açığı, bu mövzuda hər hansı açıqlama vermək çətindir. Çünki istintaqla bağlı bizim heç bir bilgimiz yoxdur. Mətbuata sızan, yayılan informasiyalar ilə kifayətlənməli oluruq”.
Bu fikirləri Medialive.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Əli Kərimlinin həbs olunmasına münasibət bildirərkən deyib.
O bildirib ki, texnoloji imkanlar geniş olduğundan prosesdə daha hansı şəxslərin iştirak etdiyini müəyyən etmək asan olacaq:
“İndi konkret olaraq hüquq-mühafizə orqanlarının əlində olan texnoloji imkanlar var. Onlar həm telefon əlaqələrində, həm də hansısa gizli görüşlərdə qeyri-qanuni davranışlar varsa, bunları qeydə alıb aradan götürürlər və konkret addımlar atırlar. Bu baxımdan, bundan sonra daha kimlərin həbs olunacağı, kimlərin bu prosesin içində olduğunu söyləmək rahat məsələ deyil”.
Partiya sədri əlavə edib ki, əlavə nəticələrlə bağlı gedişatı gözləmək lazımdır:
“Hər halda bir qədər gedişatı gözləmək lazımdır. Çünki istintaqda verilən ifadələrdən sonra da müəyyən adların aşkar edilməsi mümkündür. Bu mənada, məncə, məsələlərə real yanaşmalıyıq. Çünki istintaq nəticələrini öncədən proqnozlaşdırmaq olduqca çətindir”.
Mikayıl Mirzəzadə




















