Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün fəaliyyətlərin, o cümlədən ticarət və maliyyə əməliyyatlarının dayandırıldığını elan edib.
Medialive.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, regional və beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən gərginlik fonunda İranla bütün ticarət, kommersiya və maliyyə əməliyyatları növbəti xəbərdarlığa qədər dayandırılıb.
BƏƏ Xarici İşlər Nazirliyi İranla iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı bütün ittihamları rədd edərək, regionda sülhün, sabitliyin və rifahın təşviq edilməsinin vacib vasitələri kimi dialoqa, əməkdaşlığa və regional inteqrasiyaya güclü sadiqliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, belə bir qərar BƏƏ Müdafiə Nazirliyinin İrandan qaynaqlandığı müəyyən edilən iki ballistik raketin dəniz naviqasiyasını hədəf alaraq dənizə düşdüyünü açıqlamasından sonra verilib.
