Biləsuvar rayonunda həyata keçirilən “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi uğurla davam edir.
Medialive.az xəbər verir ki, layihə çərçivəsində təlim fəaliyyətlərinə start verilib.
Məlumata görə, təlimlər rayonun 8 kənd icmasını əhatə edir və əhalinin ekoloji biliklərinin artırılması, ətraf mühitin qorunmasına dair məlumatlılığın gücləndirilməsi məqsədi daşıyır.
Bildirilib ki, ilk təlim “Ekologiya və Atmosferə Buraxılan Emissiya Qazları” mövzusuna həsr olunub.
Təlim zamanı iştirakçılara atmosferə atılan zərərli qazların ətraf mühitə və insan sağlamlığına təsiri, iqlim dəyişiklikləri ilə bağlı risklər, eləcə də ekoloji məsuliyyətin artırılması istiqamətində məlumatlar təqdim edilib.
Təlim proqramı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) əsasında hazırlanıb.
Əldə etdiyimiz məlumata görə, layihə Biləsuvar Rayon İcra Hakimiyyətinin də diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Dərvişli kənd icması ilə keçirdiyi növbəti görüş zamanı layihənin əhəmiyyətindən danışaraq, ekoloji maarifləndirmənin gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasında mühüm rol oynadığını bildirib.
Qeyd edək ki, layihə çərçivəsində qarşıdakı mərhələlərdə də müxtəlif mövzularda maarifləndirici təlimlərin, ictimai müzakirələrin və ekoloji təşəbbüslərin keçirilməsi nəzərdə tutulur.




















