Medialive.az xəbər verir ki, bunlar Ağdam, Daşkəsən, Xocavənd, İmişli, Lənkəran, Tərtər, Şabran, Quba, Şərur, Culfa rayon və Mingəçevir şəhər statistika idarələridir.
Xeyli vaxtdır bu qurumlara rəhbər təyin olunmur.
Ölkə.az məsələ ilə bağlı DSK-ya sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, Şərur və Culfa rayon statistika idarələrinin rəislərinin vəzifəyə təyin edilməsi məsələsi Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin səlahiyyətlərinə aiddir.
“Dövlət Statistika Komitəsinin tabeliyində olan yerli statistika orqanlarından Quba və Şabran rayon, eləcə də Mingəçevir şəhər statistika idarələrinin rəisi vəzifələri son üç ay ərzində vakant olub. Bu hallardan ikisi əvvəlki rəhbərlərin təqaüdə çıxması, biri isə vəfat etməsi ilə əlaqədardır”, – komitədən qeyd olunub.
Məlumata görə, Xocavənd Rayon Statistika İdarəsinin rəisi vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib.
“Ümumiyyətlə, inzibati dövlət qulluğu vəzifələrinin tutulması “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. Müvafiq müsabiqə və müsahibələr Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunur. Konkret təyinat tarixləri isə bu prosedurların gedişindən və nəticələrindən asılıdır”, – Dövlət Statistika Komitəsindən bildirilib.
