CANLI
Gündəm

Dələduzluğa məruz qaldığını deyən mediator intizardadır - Dövlət Xidməti sorğuları cavabsız qoyur

Xəbər verdiyimiz kimi, bir müddət öncə mediator, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva Sumqayıtda yerləşən 1 saylı ASAN xidmət mərkəzində özünə qarşı dələduzluq edildiyini bildirmişdi.

Medialive.az-a müraciət edən mediator iddia etmişdi ki, iyulun 7-də özünün iştirakı və xəbəri olmadan mərkəzdə adından saxta sənədlər hazırlanıb və imza atılıb.

Şikayətçi bildirirdi ki, qanunsuzluq halı mərkəzdəki daşınmaz əmlakın qeydiyyat şöbəsinin Bünyamin adlı əməkdaşı tərəfindən törədilib.

Daha sonra sözügedən vəziyyətlə əlaqədar mediator 1 saylı ASAN xidmət mərkəzinə getmiş və bu qanunsuzluğun hansı əsaslarla törədildiyini öyrənmişdi.

Mediatorun dediklərinə görə, həmin vaxt Bünyamin adlı mərkəzin işçisi törətdiyi qanunsuz hərəkəti boynuna alıb və bunun müqabilində 15 min manat pul vəsaiti aldığını deyib.

Məsələ ilə bağlı ASAN xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Medialive.az-a açıqlamasında adıçəkilən şəxsin ASAN xidmət mərkəzlərində çalışmadığını və səsləndirilən iddiaların həqiqətə uyğun olmadığını bildirib.

T.Əliyevanın iddiaları ilə bağlı tərəfimizdən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilsə də, suallarımız cavabsız qalıb.

Qeyd edək ki, iddia edilən qanunsuzluq halının araşdırılması istiqamətində araşdırmalarımız davam etdirilir.