Bu gün Bakı İnzibati Məhkəməsində hakim Aygün Əhədovanın sədrliyi ilə tanınmış plastik cərrah Rəşad Babayevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı qaldırdığı sertifikatın ləğvi barədə Nazirliyin qanunsuz əmrinin ona aid hissəsinin ləğvi barədə iddiası üzrə məhkəmə prosesi davam etdirilib.
Medialive.az-ın xəbərinə görə, məhkəmə iclasından sonra Rəşad Babayev jurnalistlərə açıqlama verib. Həkim son vaxtlar sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi müraciətin səbəblərinə də münasibət bildirib.
Plastik cərrah qeyd edib ki, müraciətinin məqsədi məhkəmə prosesinin obyektiv və şəffaf şəkildə aparılmasına diqqət çəkmək olub.
Onun sözlərinə görə, həkimlərin ixtisas seçməsinin könüllü olmasına rəğmən Səhiyyə Nazirliyi tərəfindən onun plastik cərrahiyyə üzrə dosent kimi işlədiyi təhsil müəssisəsinə – Həkimlərin Təkmilləşdirmə İnstitutuna bir neçə dəfə onun ümumi cərrah kimi sertifikasiya imtahanına göndərilməsi ilə bağlı göstərişlər verilib.
Babayev bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyinə etiraz məktubları ünvanlasa da, həmin müraciətlərin nəzərə alınmadığını düşünür.
Həkimin sözlərinə görə, sözügedən addımlar onun plastik cərrah kimi fəaliyyətini məhdudlaşdırmağa yönəlib və məhkəmə çəkişməsindən geri çəkilməsinə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.
O, hazırda plastik və rekonstruktiv cərrahiyyə sahəsində fəaliyyət göstərdiyini və məhkəmə vasitəsilə hüquqlarının bərpasına çalışdığını bildirib.
Bugünkü məhkəmə prosesinin gedişi barədə danışan həkim qeyd edib ki, məhkəmə hazırlıq iclasını başa çatdıraraq işin mahiyyəti üzrə baxış mərhələsinə keçib.
Rəşad Babayevin sözlərinə görə, əvvəlki iclasda məhkəmə tərəfindən Səhiyyə Nazirliyinə iddia ərizəsinə edilmiş əlavədə göstərilən fakt və arqumentlərə münasibət bildirmək üçün vaxt verilsə də, Nazirliyin nümayəndəsi növbəti iclasda iştirak etməyib. Həkim bunu cavabdeh tərəfin irəli sürülmüş fakt və dəlillərə münasibət bildirməkdən yayınması kimi qiymətləndirdiyini bildirib.
Məhkəmə prosesində səsləndirilən məlumatlar və tərəflərin mövqeləri araşdırılmaqda davam edir.
Qeyd edək ki, iş üzrə növbəti məhkəmə iclası 3 iyul 2026-cı il tarixinə təyin olunub.




















