“Dünya siyasətində son illər müşahidə edilən gərginliklər, regional münaqişələr və qlobal miqyasda ideoloji qütbləşmə radikalizmə qarşı mübarizəni beynəlxalq təhlükəsizlik gündəliyinin əsas istiqamətlərindən birinə çevirib. Avropa, Yaxın Şərq və Asiyanın bir çox ölkələrində radikal və destruktiv qrupların fəaliyyəti siyasi sabitlik, ictimai harmoniya və milli təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirilir. Bu baxımdan, Azərbaycanda da oxşar proseslərin gündəmə gəlməsi, xüsusilə AXCP və Müsavat Partiyası kimi özlərini siyasi qüvvə kimi təqdim edən, lakin faktiki olaraq destruktiv davranış sərgiləyən partiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ictimai çağırışların artması təbiidir”.
Bu fikirləri Medialive-yə açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, dövlətlər siyasi ekstremizmə qarşı preventiv mexanizmlərdən paralel şəkildə istifadə edirlər:
“Beynəlxalq təcrübə göstərir ki, dövlətlər milli təhlükəsizliyə və ictimai sabitliyə qarşı yönələn siyasi ekstremizmə qarşı hüquqi, inzibati və preventiv mexanizmlərdən paralel şəkildə istifadə edirlər. Avropa İttifaqında və ABŞ-də radikal ideologiyaların yayılmasına qarşı həyata keçirilən proqramlar həm hüquqi məhdudiyyətlər, həm də sosial adaptasiya və deradikalizasiya tədbirləri ilə müşayiət olunur. Lakin bu tədbirlərin əsasında bir prinsip dayanır: konstitusional sistemin özünü və ictimai maraqları qorumaq hüququ. Yəni dövlət, cəmiyyətin əksəriyyətinin təhlükəsizliyini təmin etmək naminə, destruktiv fəaliyyət göstərən azlıq qruplarının siyasi sistemdə yer tutmasına imkan verməməlidir”.
Deputat əlavə edib ki, Azərbaycanda da dövlətin və xalqın mənafeyinə qarşı yönələn qruplar mövcuddur:
“Azərbaycan cəmiyyətində də bu prinsip aydın şəkildə dərk olunur. Dövlətin və xalqın mənafeyinə qarşı yönələn, ictimai sabitliyi pozmağa, vətəndaşlar arasında nifrət və düşmənçilik toxumu səpməyə çalışan hər bir qurum və ya partiya mübarizə subyekti deyil, siyasi ekstremizm daşıyıcısı kimi qiymətləndirilməlidir. Belə strukturlar demokratik rəqabət müstəvisində fəaliyyət göstərmək əvəzinə, informasiya manipulyasiyası, təxribat, yalan və şantaj kimi üsullarla dövlətin legitim institutlarını hədəfə alır, ictimai rəyin sabitliyini sarsıtmağa çalışırlar.
Radikalizmin qarşısının alınması təkcə təhlükəsizlik məsələsi deyil, həm də milli ideoloji sabitliyin qorunmasıdır.
Azərbaycanda da dövlət siyasətinin prioritetlərindən biri məhz ictimai sabitliyin və milli həmrəyliyin qorunmasıdır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyətində formalaşan milli birliyin, dövlətə və orduya inamın zədələnməsinə yönələn hər cəhd strateji təhlükə kimi qəbul olunmalıdır. AXCP və Müsavat kimi partiyaların son dönəmlərdə bu milli həmrəyliyə qarşı açıq ritorika sərgiləməsi və cəmiyyəti barışmaz qütblərə bölmək cəhdləri onların siyasi sistemdə qalmaq iddialarını təhlükəli edir”.
Parlamentari qeyd edib ki, AXCP və Müsavaın fəaliyyəti siyasi rəqabət prinsiplərinə deyil, hakimiyyətə qarşı sosial nifrət formalaşdırmağa və dövlətə qarşı etimadsızlıq yaratmağa hesablanıb:
“Partiyadaxili demokratiyanın olmaması, despotizm, uzun illər eyni şəxslərin rəhbərlik etməsi bu qurumların demokratik ənənələrdən uzaq, konkret şəxslərin şəxsi maraqlarına xidmət edən strukturlara çevrildiyini göstərir. Onların fəaliyyəti isə siyasi rəqabət prinsiplərinə deyil, hakimiyyətə qarşı sosial nifrət formalaşdırmağa və dövlətə qarşı etimadsızlıq yaratmağa hesablanıb. Belə qruplar, əslində, cəmiyyətin siyasi inkişafına deyil, onun parçalanmasına xidmət edir”.
Bu baxımdan radikalizmə, ekstremizmə və dövlətin maraqlarına qarşı yönələn siyasi fəaliyyətə münasibətdə sərt tədbirlərin görülməsi dövlətin hüquqi və mənəvi borcudur. Qanunvericilikdə belə halların qarşısını almaq üçün mexanizmlərin mövcudluğu, yəni partiyaların qeydiyyatının ləğvi, maliyyə mənbələrinin araşdırılması, fəaliyyətlərinin hüquqi təftişi demokratik dövlətin özünüqoruma hüququnun ifadəsidir.
Radikalizmə qarşı beynəlxalq təcrübə göstərir ki, yumşaq və güzəştli yanaşma çox zaman ekstremist qrupları daha da cəsarətləndirir. Sərt hüquqi tədbirlər isə qısa müddətdə siyasi sistemin sabitliyini və dövlətin təhlükəsizlik arxitekturasını qorumağa imkan verir. Ən əsası isə cəmiyyətin çoxluğunun iradəsini, dəyərlərini və mənəvi bütövlüyünü müdafiə edir.
Azərbaycandakı marginal qruplar fərqli xarici maraqların idarəçiliyində olsalar da onlarla konkret zaman kəsiyində birgə hərəkət edən “siyasi terminator”ların fəaliyyəti azlığın iradəsinin şantaj yolu ilə, zorla, ictimai-siyasi dəyərlər sisteminə müharibə elan etməklə çoxluğa sırınmasına yönəlib. Burada söhbət çoxluğun siyasi hakimiyyətə münasibətindən getmir.
Haqqında söz açdığım çoxluq siyasi sabitliyin və təhlükəsizliyin dinc birgəyaşayışın təməlini təşkil etdiyini anlayan, dövlət idarəçiliyinin islahatlar yolu ilə modernləşməsini arzulayan, regionda və dünyada baş verən proseslərin mahiyyətini dərk edən insanlardır. Çoxluğun iradəsinə qarşı savaş açanlar isə siyasi radikal cərəyanların təmsilçilərindən daha çox siyasi ekstemistlərdir”.
Deputatın fikrincə, AXCP və Müsavat Partiyasısın davranışları isə yalnız və yalnız siyasi ekstremizmin kriteriyalarına uyğun gəlir:
“AXCP və Müsavat Partiyası kimi marginal qrupların və onların ölkədən kənardakı tör-töküntulərinin davranışları isə yalnız və yalnız siyasi ekstremizmin kriteriyalarına uyğun gəlir. Ölkəni səngərlərə, cəmiyyəti barışmaz qütblərə bölmək istəyən bu böhtan, yalan, şantaj “strategiya”sı isə şübhəsiz ki, məqsədyönlü şəkildə seçilib. Məqsəd isə aşağıdakı təxribat ssenarilərindən ibarətdir:
Siyasi mübarizədə bütün ənənəvi metodları sıradan çıxarmaq, ictimai-siyasi münasibətləri daha geniş müstəvidə barışmaz həddə çatdırmaq;
Azərbaycan xalqının ənənəvi tolerant dünyagörüşünə, ictimai-siyasi münasibətləri tənzimləyən mənəvi dəyərlərə, əxlaq kriteriyalarına, birgəyaşayış qaydalarına zərbə vurmaq;
Siyasi opponentlərin, insanların bir-biri ilə təhqirlə danışmasını adi hala çevirməklə, ənənələri gözdən salmaqla qeyri-ənənəvi olan hər şeyin siyasi mübarizədə məqbul olduğunu qəbul etdirmək;
Cəmiyyətin fərqli düşünən fərdləri arasına düşmənçilik toxumu səpmək və bu düşmənçiliyi dövlət idarəçiliyi, siyasi münasibətlər sisteminə daşımaqla dövləti və ictimai təhlükəsizlik mexanizmlərini sıradan çıxarmaq;
Dövlətin və xalqın immun sistemini məhv etməklə onları kənardan daxil olan bütün neqativ ssenarilər qarşısında müqavimətsiz qoymaq…
Əslində bu antimilli qrupların fəaliyyəti dövlətimizə, xalqımıza, bütövləşən ərazi bütövlüyü və suverenliyimizin, istiqlal ideallarımızın keşiyində dayanan şəxsiyyətlərimizə qarşı həyata keçirilən terror aksiyalarıdır. Sadəcə hələlik silahdan və partlayıcı maddələrdən istifadə edilmir. Bu siyasi mübarizə deyil və bu adamların da siyasi mübarizəyə heç bir aidiyyatı yoxdur.
Həm beynəlxalq təcrübə, həm də Azərbaycan reallığı göstərir ki, radikal qrupların siyasi sistemdən uzaqlaşdırılması, onların fəaliyyətinə hüquqi məhdudiyyətlərin tətbiqi təkcə təhlükəsizlik tədbiri deyil, həm də milli dövlətçiliyin və ictimai sabitliyin qorunması üçün zəruri addımdır. Azərbaycan dövləti üçün prioritet xalqın iradəsinin, milli həmrəyliyin və sabitliyin qorunmasıdır. İstənilən destruktiv qrup, istənilən radikal mərkəz isə bu iradəyə qarşı yönəlmiş təhlükədir”.
Mikayıl Mirzəzadə




















