“Təqdim olunan büdcə layihəsini diqqətlə təhlil etdikdə görürük ki, bir sıra fundamental suallar açıq qalır”.
Medialive.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, gəlirlərin mühüm hissəsi hələ də neft-qaz sektorundan asılı vəziyyətdədir:
“Əsas fokusu qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Bu sahədə, zənnimcə, daha çox təşəbbüs edirik, danışırıq, real nəticə isə zəifdir. Çünki, qeyri-neft sektorunun artımı əsasən neft və qaz layihələrinə bağlı sahələrin inkişafından qaynaqlanır və bunu real artım kimi görmək nə dərəcədə düzgündür?”.
Deputat əməkhaqqı və pensiya artımlarına da diqqət çəkib:
“Büdcə layihəsində sosial paket normaldır, artımlar nəzərdə tutulub. Amma gəlin etiraf edək: bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir. Əməkhaqqı və pensiya artımları var, real bazarda isə bu artımın təsiri hiss olunmur”.
R.Nurullayevin sözlərinə görə, büdcədə investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulsa da, şəffaflıq hələ də əsas problem olaraq qalır:
“Hansı layihənin ölkə iqtisadiyyatına hansı effekt verəcəyi konkret şəkildə göstərilmir. İnvestisiya proqramlarında prioritetlər bəzən siyasi, bəzən inzibati qərarlarla formalaşır, iqtisadi rasional yanaşma isə ikinci plana keçir. Nəticədə xərclərin effektivliyi azalır. Büdcə vəsaiti xərclənir, amma ölkə iqtisadiyyatı həmin xərclərin dəyərini tam qaytara bilmir”.
Millət vəkili regionların inkişafından da danışıb:
“Büdcə bölgüsü yenə də mərkəz yönümlüdür. Regionlarda demoqrafik boşalma, işsizlik davam edir. Regionlara ayrılan vəsaitlər struktural dəyişikliklərə deyil, daha çox görünüşü gözəl layihələrə yönəlir. Bu isə strateji yanaşma deyil. Regionlar iqtisadiyyatın sütunudur və onların inkişafı olmadan qeyri-neft sektorunun artımından danışmaq mümkün deyil. Regionlar iqtisadi sərbəstlik və iqtisadi idarəçilik məsələsində mərkəzdən asılı duruma salınmamalıdır. Nə qədər ki, bu belə olacaq, regionlar istədiyimiz kimi inkişaf etməyəcək”.
Deputatın çıxışından sonra parlament sədri Sahibə Qafarova iradını bildirib:
“Dediniz ki, regionlar inkişaf etmir. Xeyr, regionlar inkişaf edir. 2026-cı ilin büdcəsində də ancaq inkişaf var”.




















