CANLI
İdman

Dünya çempionatı Bakıda keçiriləcək - Prezident sərəncam imzaladı

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı 2026-cı ildə Azərbaycanda keçiriləcək.
Medialive.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Bildirilib ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) 2026-cı il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib:
“İdman tarixində ilk dəfə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcəkdir”.
Sərəncama əsasən, 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 849 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.