Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin qardaşı qızı Züleyxa Əliyeva mənzillə bağlı ciddi problemlə üzləşib.
Medialive.az xəbər verir ki, Züleyxa Əliyevanın yaxınları bununla bağlı “Bakupost”a müraciət edib.
Onlar bildiriblər ki, mübahisə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən və “Aspirantların yataqxanası” kimi tanınan binanın sökülərək yerində yeni yaşayış binasının tikilməsi ilə bağlıdır.
İddia olunur ki, həmin ünvanda Züleyxa Əliyevanın ailəsinə məxsus mənzil olub. Mənzil vaxtilə onun həyat yoldaşı Məmmədhəsən Əliyevə dövlət tərəfindən verilib və ailə uzun illər burada yaşayıb. Həyat yoldaşının vəfatından sonra isə mənzil Z.Əliyevaya qalıb.
Köhnə binanın sökülərək yerində yeni yaşayış binasının inşası “İnşaat Konstruksiyaları” MMC tərəfindən həyata keçirilib.
Qeyd edilib ki, şirkət sökülən mənzilin əvəzində yeni tikilidə mənzil verilməsi, həmin vaxtadək isə aylıq 300 manat kirayəhaqqının ödənilməsi barədə öhdəlik götürsə də, sonradan həmin mənzilin başqa şəxsə də satıldığı məlum olub.
Mənzillə bağlı problem olduğunu görən alıcı ödənişini geri istəyib və mənzil iddiasından əl çəkib. Lakin şirkət yenə sözügedən mənzili başqa şəxsə satıb.
Züleyxa Əliyeva üzləşdiyi vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yazılı müraciət etdiyini bildirib.


