“Dünya ictimaiyyəti hazırda beynəlxalq hüququn zəifləməsi ilə üzləşir”.
Medialive xəbər verir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda deyib.
Dövlət başçısı təhlükəsizlik təhdidlərinin və çətinliklərinin yenidən artması ilə yanaşı, çoxsaylı problemlərin iqtisadi və sosial inkişaf tempini ləngidən meyllər yaratdığını vurğulayıb.
“Bu şəraitdə 2025-ci ili Beynəlxalq Sülh və Etimad İli elan etmək təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir”, – deyə Rəhmon qeyd edib.
O, Tacikistanın dünyada inklüziv təhlükəsizlik arxitekturası yaratmağa və sabitliyin təmin edilməsinə sadiq olduğunu vurğulayıb.
“Tacikistan sülhün, sabitliyin təmin edilməsinə və inklüziv təhlükəsizlik arxitekturasının gücləndirilməsinə sadiqdir. Biz xarici siyasətimizi açıq qapılar, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq irəli aparırıq”, – deyə prezident bildirib.
Rahmon yekunda əlavə edib ki, sülhün təntənəsi ədalətin, bərabərliyin, insan hüquq və azadlıqlarına hörmətin təminatıdır. Qlobal birlik bu dəyəri qorumalı, etimada, dialoqa və əməkdaşlığa əsaslanmalıdır. Ədalətli, inklüziv, davamlı və dinc bir gələcək qurmaq üçün ölkələrimiz beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və müddəalarından səmərəli istifadə etməyə davam etməlidirlər.




















