Azərbaycanın dövlət büdcəsinə gömrük xətti ilə daxilolmalar 2025-ci ildə azalma ilə yadda qalıb. Maliyyə Nazirliyinin məlumatına görə, ötən il Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə büdcəyə 6 milyard 369,9 milyon manat daxil olub. Bu, əvvəlki illə müqayisədə 4,2 faiz və ya 278,8 milyon manat azdır.
Qeyd edək ki, 2025-ci il üzrə DGK-nin dövlət büdcəsinə 6,6 milyard manat köçürməsi proqnozlaşdırılırdı. Beləliklə, gömrük orqanları büdcə üzrə hədəfi yerinə yetirə bilməyib.
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, azalmanın əsas səbəbi ölkəyə idxal edilən və ölkədən ixrac olunan məhsulların strukturunun dəyişməsidir:
“Ümumi həcmdə ciddi fərq yoxdur. Sadəcə bəzi məhsullar daha aşağı gömrük rüsumu ilə idxal olunur. Məsələ daha çox çeşidləmə və tarif kateqoriyalaşdırması ilə bağlıdır”.
İqtisadçının sözlərinə görə, gömrük rüsumlarının artırılması bazarda qiymətlərin yüksəlməsinə səbəb olur:
“Bir sıra güzəştlər artıq ləğv edilib. Məsələn, avtomobillərlə bağlı əlavə dəyər vergisi və gömrük rüsumları yenidən tətbiq olunub. Kərə yağı üzrə rüsumlar da artırılıb. Bu isə bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Ümumilikdə, rüsumlar nə qədər yüksək olarsa, qiymətlər də bir o qədər artar”.
İqtisadçı-ekspert Əkrəm Həsənov isə DGK üzrə azalmaların gözlənilən olduğunu deyir. Onun fikrincə, əsas səbəb ümumi iqtisadi aktivliyin zəifləməsidir:
“Hazırda Azərbaycanda iqtisadi artım zəifləyib. Bu şəraitdə idxal azalır və bu da avtomatik olaraq gömrük daxilolmalarına mənfi təsir göstərir. Buna görə də DGK-nin büdcə gəlirlərinin azalması təəccüblü deyil”.