Azərbaycanda seleksiya nailiyyətləri, toxumçuluq fəaliyyəti üzrə lisenziyalaşdırma və xidmətlərə görə dövlət rüsumunun tutulması mexanizmləri yenilənib.
Medialive.az xəbər verir ki, Prezident İlham Əliyev “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu və onun tətbiqi haqqında Fərmanı imzalayıb.
Dəyişikliklərə əsasən, Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatının (Reyestr) aparılması Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub və bu proses elektron qaydada “Elektron kənd təsərrüfatı” informasiya sistemi üzərindən həyata keçiriləcək.
Qanunla toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlər üçün xidmət haqqı və dövlət rüsumları müəyyənləşdirilib:
Seleksiya və toxumçuluq sahəsində informasiya sistemindən çıxarışın verilməsi üçün dövlət rüsumu 50 manat;
Çıxarışın dublikatının verilməsi üçün dövlət rüsumu 10 manat;
Toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi üçün dövlət rüsumu (bir sənəd üçün) 25 manat.
Eyni zamanda, toxum əməliyyatçılarının qeydiyyata alınmasına dair informasiya sistemindən çıxarış Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına əlavə edilib.
Digər dəyişikliklə bitki sortlarının toxumlarına dair məcburi tələblər “Texniki tənzimləmə haqqında” Qanunun şamil edildiyi sahələrdən çıxarılıb.
Fərmanla Nazirlər Kabinetinə və aidiyyəti qurumlara qanunvericilik aktlarının yeni tələblərə uyğunlaşdırılması ilə bağlı tapşırıqlar verilib.
