İranda iqtisadi böhran səbəbindən 28 dekabrda başlayan etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib.
Medialive.az-ın məlumatına görə, bu barədə ABŞ-də yerləşən İranda İnsan Hüquqları Mərkəzi (CHRI) bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, bunlardan 483-ü etirazçı, 47-si təhlükəsizlik işçisi, 8-i uşaq, 5-i etirazlarda iştirak etməyən mülki şəxs və bir nəfər hökumət üçün çalışan prokuror olub. Bəyanatda həmçinin etirazların ölkə üzrə 186 şəhər və 31 bölgədə 585 fərqli yerə yayıldığı və həbs olunanların sayının 10-ə çatdığı bildirilir.

Paytaxt Tehrandakı Kəhrizak Məhkəmə Tibb Mərkəzinin həyətində qeydə alınan görüntülər sosial mediada trend mövzusuna çevrilib. Görüntülərdə etirazlar zamanı ölənlərə aid olduğu iddia edilən cəsədlərin mərkəzin həyətində yığıldığı, ailələrin isə itkin düşmüş qohumlarını axtardığı görünür. Ərazidə 100-dən çox cəsəd torbasının tapıldığı və bəzi mikroavtobusların cəsəd torbalarını yükləyərək müəssisədən uzaqlaşdığı da aydın olur.

Nyu-Yorkda yerləşən İranda İnsan Hüquqları Mərkəzi (CHRI) İranda kütləvi qətllərin baş verdiyini vurğulayaraq, təhlükəsizlik qüvvələrinin etirazçıları həm plastik, həm də canlı güllələrlə atəşə tutduğunu bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi məsələ ilə bağlı şərh verərək, İranda zorakılığın, xüsusən də həftəsonu ərzində əhəmiyyətli dərəcədə artdığını və bunun xarici müdaxilə üçün bəhanə yaratmaq məqsədilə təhrik edildiyini iddia edib. Əraqçi etirazların qanlı olduğunu və terrorçu qrupların həm etirazçıları, həm də təhlükəsizlik qüvvələrini hədəf aldığını bildirib.
Xatırladaq ki, İranda yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.
İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) yanvarında dərc etdiyi hesabatda 37 təhlükəsizlik işçisi və 4 səhiyyə işçisi də daxil olmaqla 116 nəfərin həyatını itirdiyini, 2600-dən çox insanın yaralandığını və 2638 nəfərin saxlanıldığını bildirib.




















