“ABŞ bu prosesə öncədən vasitəçilik edir. Ümumi nəticəyə nail olmaq üçün zaman-zaman tərəflərdən birinə – ya Ukraynaya, ya da Rusiyaya təzyiq etmək variantından istifadə edir. Biz bir il ərzində bu prosesə şahid olduq. Bunların fonunda ABŞ-nin əsas niyyəti Ukraynada kimin qalib gəlməsi deyil, buradakı müharibənin dərhal dayandırılmasıdır”.
Bu fikirləri Medialive.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmirəliyev noyabrın 19-da İstanbulda keçiriləcək Ukrayna-Rusiya arasındakı görüş barəsində deyib.
O bildirib ki, Trampın Ukraynada müharibəni dayandırmaq istəyinin əsas səbəbi bu ölkə ilə imzalanan müqavilədir:
“Trampın istəyi Ukrayna ilə ABŞ arasında imzalanmış mineral ehtiyatların istismarı barəsində həmin müqavilənin şərtlərinin yerinə yetirilməsidir. Bu müqavilənin şərtlərinə əsasən, ABŞ Ukraynada mineral ehtiyatları istismar edəcək və bu ehtiyatlar ABŞ-yə hava-su kimi lazımdır. Ona görə də maksimum şəkildə çalışacaqlar ki, bu ehtiyatların istismarını həyata keçirsinlər”.
Politoloq hesab edir ki, İstanbulda aparılan danışıqlarda həlledici razılaşma əldə olunmayacaq:
“İstanbulda aparılan danışıqlarda görüşün hansı nəticələrə yol açacağını indidən söyləmək çətin deyil. Düşünürəm ki, bu görüşdə hansısa həlledici razılaşma əldə olunmayacaq. Çünki Rusiyanın istəyi tamamilə Donbası ələ keçirməkdir. Hazırda zəif də olsa, bu bölgədə ciddi irəliləyiş qazanıb. Ukraynanın istədiyi isə öz torpaqlarını tamamilə azad etməkdir. Buna görə də Ukrayna Qərbdən maksimum dərəcədə həm silah, həm də maddi təminat dəstəyinin verilməsini tələb edir. Bu xüsusda, İstanbulda aparılacaq danışıqlarda Zelenski çalışacaq ki, atəşkəsə nail olsun. Çünki Ukrayna artıq Rusiyanın əsas enerji sektorunu hədəf almasından çox narahatdır. Rusiya bir çox strateji məntəqələri işğal edir. Rusiya tərəfi də çalışacaq ki, ABŞ ilə danışıqlara gedərək “Lukoil”a qarşı qoyulan sanksiyaları aradan götürsün. Bu baxımdan, Trampın xüsusi elçisi Stiv Vitkofun İstanbulda sərgiləyəcəyi mövqe xüsusi əhəmiyyət kəsb edəcək”.




















