Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılması iddiasına cavab verərək təşəbbüsün müzakirəsində iştirak etmədiyini açıqlayıb.
Medialive xəbər verir ki, bu barədə Bild qəzeti nazirin açıqlamasından sitat gətirib.
Pistorius həmçinin Berlində Ukrayna danışıqlarının nəticələrini uğurlu hesab edib.
Eyni zamanda, o bildirib ki, bu gün heç kim Avropanın təhlükəsizlik zəmanətlərinə görə məsuliyyəti hansı formada öz üzərinə götürəcəyini müəyyən edə bilməz.
Nazir qeyd edib ki, çoxmillətli qüvvənin yaradılması və Bundesverin mümkün iştirakı Bundestaq mandatına ehtiyac, eləcə də hansı komandanlıq altında, dəqiq nəyin və hansı çərçivədə baş verəcəyi kimi suallar doğurur.
Pistoriusun sözlərinə görə, avropalıların məsuliyyəti öz üzərinə götürməyə və gələcək danışıqlarda iştirak etməyə hazır olduqlarını bildirmələri vacibdir.
Qeyd edək ki, dekabrın 15-də Aİ liderləri Berlində keçirilən danışıqlardan sonra birgə bəyanat yayıblar. İmzaçılar hesab edirlər ki, Kiyevə verilən zəmanətlər, könüllülər koalisiyasının bir hissəsi və ABŞ-nin dəstəyi ilə formalaşdırılacaq, maraqlı ölkələrdən ibarət Avropanın rəhbərlik etdiyi Ukrayna üçün çoxmillətli qüvvənin yaradılmasını da əhatə etməlidir.




















