CANLI
Sosial

Lənkəran məktəbində dələduzluq iddiası - Direktor kənd camaatından 200 min pul alıb?

Lənkəran rayonunun Tükəvilə kənd orta məktəbinin direktoru Günay İsmayılovanın fəaliyyəti ilə bağlı kənd sakinləri və məktəb ictimaiyyəti tərəfindən ciddi iddialar səsləndirilir.

Bu barədə Medialive.az etibarlı mənbələrdən məlumat əldə edib.

İddiaların miqyası və xarakteri isə məsələni sadəcə bir məktəbdaxili narazılıq çərçivəsindən çıxararaq aidiyyatı təhsil qurumlarının və hüquq-mühafizə orqanlarının diqqətinə tələb edən vəziyyətə çevirir.

Sakinlərinin bildirdiyinə görə, Günay İsmayılova direktorluq vəzifəsi üzrə keçirilən imtahan və müsabiqələrdə dəfələrlə uğur qazana bilmədiyi halda uzun illər kənd məktəbinə rəhbərlik edir.

İndi isə əsas suallardan biri budur ki, əgər, direktor təyin olunması üçün nəzərdə tutulan prosedurlarda tələb olunan nəticəni göstərə bilməyibsə, onun uzun müddət məktəb rəhbəri kimi fəaliyyət göstərməsinə hansı əsasla şərait yaradılıb?

Əldə edilən məlumata görə, bu məsələdə daha ciddi maliyyə iddiaları da yer alır.

Kənd sakinlərinin sözlərinə görə, G.İsmayılovanın ayrı-ayrı şəxslərdən müxtəlif vədlərlə, bəhanələrlə pul aldığı bildirilir.

İddialara əsasən, direktor bəzi şəxslərə “təhsil şöbəsində Elman müəllim məni işdən çıxarır, Rəhim müəllim məni vəzifədən uzaqlaşdırır”, “anam ağır ürək əməliyyatı keçirib” kimi səbəblər göstərərək külli məbləğdə vəsait alıb.

Bildirilir ki, pul verən şəxslərdən bu barədə danışmamaq tələb olunub və buna görə də uzun müddət bu şəxslərin bir-birindən xəbəri olmayıb.

Daha bir ciddi iddia məktəbdə laboratoriya vəzifəsi ilə bağlıdır. Sakinlərin bildirdiklərinə görə, kənd sakinlərinin birindən sözügedən vəzifəyə işə düzəltmə müqabilində 7 min manat alınıb, lakin daha sonra isə ştatın ləğv edildiyi bildirilib. Əgər bu məlumat doğrudursa, burada söhbət yalnız etik pozuntudan yox, mümkün hüquqi əməldən gedə bilər. Buna görə də həmin iddianın rəsmi şəkildə araşdırılması zəruridir.

Məktəbdə pul yığıldığı ilə bağlı iddialar bununla da bitmir, verilən məlumata görə, 2025-ci ilin sentyabrından etibarən ayda 12 manat olmaqla lotoreya xarakterli pul yığımı təşkil edilib.

Sakinlər iddia edirlər ki, aylarla vəsait toplansa da, ödənişlərin ödənilməsində gecikmələr yaranıb və bundan sonra narazılıqlar artıb.

Məktəb təhsil müəssisəsidir. Burada qeyri-rəsmi maliyyə münasibətlərinin hansı əsasla qurulduğu, bu məsələdən məktəb rəhbərliyinin xəbərdar olub-olmadığı, eyni zamanda, belə bir sistemin mövcud olub-olmadığı araşdırılmalıdır.

Medialive.az-ın əldə etdiyi digər məlumata görə, 2026-cı ilin martında məktəbdə təhsil qurumunun əməkdaşları tərəfindən yoxlama aparılıb. Bir sıra nöqsanlar aşkarlanıb.

İddialardan biri xüsusilə diqqət çəkir. Belə ki, faktiki olaraq Bakıda yaşayan və Tükəvilə kənd məktəbinə gəlmədiyi bildirilən üç uşağın həmin məktəbdə şagird kimi rəsmiləşdirildiyi iddia olunur.

Bununla yanaşı, həmin uşaqlar üzrə valideynlərdə hər uşaq üçün bir illik 1500 AZN alındığı bildirilir. Bu məlumat təsdiqlənərsə, məsələ artıq təkcə məktəbdaxili intizam məsələsi sayıla bilməz, belə halda şagird uçotu necə aparıldığı, elektron sistemlərə hansı məlumatların daxil edildiyi, həmin uşaqlar üzrə dövlət maliyyələşməsinin olub-olmadığı, bu prosesdə məsul şəxslərin kimliyi araşdırılmalıdır.

Ən ciddi iddialardan biri isə 15 min manat məsələsidir. Sakinlərin bildirdiklərinə görə, keçirilən yoxlamalardan sonra direktorun vəzifədən uzaqlaşdırılması ilə bağlı narahatlıq yaranıb.

İddialara əsasən, onun vəzifədə qalması üçün 15 min manat tələb edildiyi bildirilib. Daha sonra direktorun həmin vəsaitin təhsil qurumunda keyfiyyət sektoru ilə əlaqəli olduğu deyilən Orxan M. adlı şəxsə verildiyini söylədiyi iddia olunur. Bu məlumat doğrudursa, kifayət qədər düşündürücü suallar üzə çıxır.

Məlumatlara görə, 2026-cı ilin aprel ayında kənd sakinlərindən biri G.İsmayılova barəsində polisə müraciət edib. Sakinlər həmin müraciətdən sonra direktorla bağlı dələduzluq xarakterli iddialar üzrə araşdırma aparıldığını bildirirlər. Lakin hazırda həmin araşdırmanın hüquqi vəziyyəti, cinayət işinin başlanıb-başlanılmaması, başlanıbsa hansı mərhələdə olması və direktorun bu iş üzrə prosessual statusu barədə cəmiyyətə açıq məlumat yoxdur.

Sakinlərin daha bir iddiasına görə, direktorun “mən vəzifədən getsəm, Tükəvilə məktəbindən 5 müəllim, təhsil şöbəsindən də 5 nəfər mənimlə gedəcək” məzmunlu ifadələr işlətdiyi bildirilir.

Geniş rezonans doğurmaq ehtimalı olan bu məsələni dəqiqləşdirmək üçün aidiyyatı dövlət qurumlarına müraciət etdik.

Redaksiyamız tərəfindən MÜTDA-ya sorğu göndərilsə də, suallarımız cavabsız qaldı.

Əldə etdiyimiz məlumata görə, faktla bağlı polis orqanında Cinayət Məcəlləsinin müvafiq maddəsilə Cinayət işi başlanılıb, hazırda istintaq araşdırmaları davam etdirilir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.