CANLI
Sosial

Mənzil sahibi olmaq xəyala çevrilir - Gələn aylardan...

Dünya miqyasında daşınmaz əmlak bazarı ilə vətəndaşların alıcılıq qabiliyyəti arasındakı uçurum dərinləşməkdə davam edir və bu tendensiya bir çox ölkələrdə mənzil sahibi olmağı ciddi şəkildə əlçatmaz edir. “AzPolitika”nın yaydığı qlobal reytinq cədvəlinə əsasən, qiymət-gəlir nisbətinininə görə ev əldə etməyin həmən-həmən qeyri-mümkün olduğu lider ölkə 116,3 indekslə Nigeriyadır.

Bu siyahının ilk pillələrində Şri-Lanka (55,4), Qana (49), Kuba (48,4), Kamerun (46) və Nepal (39,5) kimi dövlətlər qərarlaşıb. Xüsusilə diqqətçəkən məqam odur ki, Azərbaycan sözügedən 50 ölkəlik siyahıda 17,6 göstərici ilə məhz 19-cu yerdə qərarlaşıb. Bu rəqəm ölkəmizdə mənzil qiymətlərinin orta illik gəlirlərlə müqayisədə həddindən artıq yüksək olduğunu və vətəndaşlar üçün ciddi maliyyə baryeri yaratdığını açıq şəkildə nümayiş etdirir.

Regional müqayisəyə baxdıqda mənzərə daha da düşündürücü görünür: belə ki, qonşu ölkələrdən İran 16 göstərici ilə 24-cü, Ermənistan 15,4 göstərici ilə 26-cı, Gürcüstan isə cəmi 12,2 göstərici ilə 50-ci yerdə qərarlaşıb. Bu o deməkdir ki, Azərbaycan mənzil əlçatanlığı baxımından regiondakı əksər qonşularından daha pis vəziyyətdədir və respublikamızda vətəndaşların ev sahibi olması digər ölkələrlə müqayisədə qat-qat çətindir. Bəs görəsən, əhalinin gəlirləri ilə mənzil bazarındakı kosmik qiymətlər arasındakı bu dözülməz uçurumun kökündə hansı amillər dayanır və yaxın perspektivdə vəziyyətin yaxşıya doğru dəyişməsi ehtimalı varmı?

Medialive.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan əmlak məsələləri üzrə ekspert Camal Abuşov qeyd edib ki, Azərbaycanda mənzillərin əhali üçün əlçatmaz olmasının arxasında bir neçə fundamental iqtisadi və struktur səbəb dayanır:

“Ölkədə tikinti materiallarının qiymətinin əsasən idxaldan asılı olması, torpaq sahələrinin məhdudluğu və paytaxtda mərkəzləşmə tendensiyasının güclü olması daşınmaz əmlakın maya dəyərini süni şəkildə şişirdir. Bununla yanaşı, tikinti şirkətlərinin əsas məqsədinin sosial layihələrdən daha çox yüksək gəlir əldə etməyə köklənməsi qiymətlərin əhalinin real alıcılıq qabiliyyətini dəfələrlə üstələməsinə səbəb olur. Vətəndaşların orta illik gəlirlərinin artım tempi isə mənzil bazarındakı inflyasiya sürətini qəti şəkildə izləyə bilmir.”

Onun sözlərinə görə, mövcud qiymət-gəlir nisbətinin yaxın illərdə müsbət istiqamətdə dəyişməsi və mənzillərin kütləvi şəkildə əlçatan olması hələlik real görünmür, çünki bazarın tənzimlənməsi üçün ipoteka mexanizmlərinin daha da genişləndirilməsinə və tikinti sektorunda rəqabətin artırılmasına ehtiyac var:

“Əgər dövlət tərəfindən sosial ipoteka proqramlarının həcmi kəskin şəkildə artırılmasa və tikinti sektorunda inhisarçılıq tendensiyaları aradan qaldırılmasa, yaxın gələcəkdə orta statistik vətəndaşın öz vəsaiti hesabına ev alması demək olar ki, mümkünsüz olaraq qalacaq. İpoteka şərtləri yumşaldılmalı, ilkin ödənişlər və faiz dərəcələri azaldılmalıdır ki, gənc ailələr və orta təbəqə əmlak bazarına çıxış əldə edə bilsinlər. Əks təqdirdə, Azərbaycan bu reytinq cədvəlindəki mövqeyini daha da pisləşdirə bilər.”