“Ramiz Mehdiyev işi ilə bağlı istintaq prosesləri getməkdədir. Bu proseslər yeni yanaşmalar ortaya çıxarır. Əvvəllər daha çox hakimiyyətin müxtəlif qollarında Ramiz Mehdiyevin adamlarının olması ilə bağlı ittihamlar səslənirdisə, artıq hakimiyyətdaxili deyil, müxalifət sıralarında belə şəxslərin olması haqda fikirlər səslənməkdədir. Xüsusilə AXCP və Müsavat partiyasının adları daha çox çəkilir”.
Bu fikirləri Medialive.az-a açıqlamasında Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından deputatı Elman Nəsirov AXCP və Müsavat cütlüyünün Ramiz Mehdiyev işi üzrə adlarının çəkilməsindən danışarkən deyib.
O bildirib ki, Ramiz Mehdiyev uzun müddət müxalifətin timsalında bir təhlükə obrazı formalaşdıran və onunla mübarizə aparan şəxs kimi özünü cəmiyyətə sırımaq istəyib:
“Nəzərə alsaq ki, Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırılması 2019-cu il oktyabr ayının 23-ünə təsadüf edir. AXCP lideri Əli Kərimlinin təşkil etdiyi nisbətən irimiqyaslı mitinq həmin ilin 19 oktyabrında baş verib. Bu gün artıq mətbuatda daha geniş yayılmış mövqe ondan ibarətdir ki, Ramiz Mehdiyev məhz müxalifətin timsalında bir təhlükə obrazı formalaşdıran və onunla mübarizə aparan əzmkar bir vəzifəli şəxs kimi özünü cəmiyyətə sırımaq istəyib. Eyni zamanda 19 oktyabr mitinqinin təşkilində də birbaşa iştirak imkanları ilə bağlı ittihamlar səslənməkdədir. Nəticədə elə bir vəziyyət yaransın ki, Ramiz Mehdiyev müxalifətin bu mitinqlərinə qarşı mübarizə aparan şəxsin vəzifədən salınmasını təxirə salsın. Bu iddialar mətbuatda geniş yayılıb”.
YAP-çı deputat qeyd edib ki, Ramiz Mehdiyevin 50 nəfərlik dövlət şurası tərkibində AXCP və Müsavat liderlərinin adı təsdiqin taparsa, həmin partiyaların fəaliyyətinə xitam veriləcək:
“Doğrudan da Ramiz Mehdiyevin işi ilə bağlı istintaq prosesində dövlət şurasının formalaşdırılacaq 50 nəfərin sırasında və yaxud ondan kənarda AXCP və Müsavat liderlərinin adı təsdiqin taparsa, bu vəziyyətdə yeni şərait yaranacaq. Bu halda artıq cinayət məsuliyyəti yaranır və təbii ki, partiyaların funksionallığı məsələsi də gündəmə gəlir. Siyasi partiyalar haqqında qanuna uyğun olaraq, partiyaların fəaliyyəti məsələsi müzakirə edilə bilər, müvafiq ölçü götürülə bilər. Əgər hər iki partiya liderinin cinayət əməlində iştirakı təsdiqini tapsa, həmin partiyaların fəaliyyətinə xitam verilməsiylə bu məsələ həllini tapa bilər. Lakin onu da qeyd edim ki, bunlar ehtimallardır. Hələ ki, bununla bağlı hər hansı istintaqın dövlət səviyyəsində nəticələri elan edilməyib. Bir şeyi bilmək lazımdır ki, hər məsələyə zamanla hüquqi qiymət veriləcək”.
Mikayıl Mirzəzadə




















