Azərbaycanda turizm infrastrukturu quran sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi veriləcək. Yeni qərara əsasən, turizm və rekreasiya zonalarında mehmanxana və digər yerləşmə obyektləri tikən sahibkarların götürdükləri manat kreditlərinin faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq.
Nazirlər Kabinetinin Dövlət Proqramının icrası ilə bağlı imzaladığı sərəncamda bu barədə konkret tapşırıq yer alıb. Sənədə əsasən, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Turizm Agentliyi oktyabrın 20-dək müvafiq təkliflərini hökumətə təqdim etməlidir.
Güzəştlər yalnız mehmanxanalarla məhdudlaşmır. Dövlət dəstəyi sanatoriya-kurort müəssisələrinin fəaliyyətinə, qış idman növləri üçün stadion və arenaların tikintisinə, eləcə də konqres mərkəzlərinin təşkilinə yönəldilən investisiya layihələrinə də şamil olunacaq.
Yəni, dövlət turizm sektoruna özəl investisiyaları cəlb etmək üçün sahibkarların kredit yükünü yüngülləşdirmək qərarına gəlib.
