İsrail mediası Baş nazir Binyamin Netanyahunun hökuməti tərk edəcəyi vaxtı açıqlayıb.
Medialive xəbər verir ki, koalisiya daxilində hərbi və büdcə problemləri dərinləşdikcə, Netanyahunun parlamentdə qalmaq üçün lazım olan 61 yeri saxlaya bilməyəcəyi qeyd edilib.
Bildirilib ki, əgər Haredi partiyaları dəstəyini geri çəksə, hökumət iflasa uğrayacaq və iyunda erkən seçki prosesinə başlana bilər ki, bu da İsrail siyasətində ilk dəfə olaraq Netanyahunun devrilməsi ssenarisinin bu qədər güclü şəkildə səsləndirilməsidir.
İsraildə ultra-ortodoks yəhudiləri hərbi xidmətdən azad edəcək qanun layihəsi Netanyahunun hakimiyyətini ciddi şəkildə təhdid etməyə başlayıb.
İsrail mətbuatı Haredi məsələsi ilə bağlı artan gərginliyin koalisiyanı dağılmaq həddinə çatdırdığını bildirib.
Netanyahu isə son günlərdə koalisiyanı bir yerdə saxlamaq üçün intensiv diplomatik fəaliyyətlə məşğul olub.
İyuna erkən seçkilər təyin olunmazsa, İsraildə seçkilərin 2026-cı ilin oktyabrında keçirilməsi planlaşdırılır.
Qeyd edilib ki, Netanyahu Şas Partiyasının lideri Arye Derini koalisiyada qalacağına əmin edib, eyni zamanda Degel HaTorah lideri Moşe Qafninin azadolma qanunu ilə bağlı mövqeyini yumşaldıb.
Qeyd edək ki, 10 milyon əhalisi olan İsraildə Haredi icması əhalinin 13 faizini təşkil edir. İllərdir ki, Haredilər dini təhsillərini əsas gətirərək hərbi xidmətdən yayınaraq 26 yaşına qədər möhlət alırlar. Lakin Qəzza münaqişəsindən sonra İsrail ordusunun yaşadığı ciddi əsgər çatışmazlığı bu güzəştlərə qarşı reaksiyaları gücləndirib.




















