Aparıcı Nigar Fərhadın rəhbəri olduğu “AİD GROUP” xaricdə təhsil şirkəti barədə qalmaqal bitmir.
Bu barədə Medialive.az-a şirkətdən şikayət daxil olub.
Adının hallanmasını istəməyən şəxs bildirib ki, 2024-cü ildə xaricdə təhsil xidməti üçün sözügedən şirkətə müraciət edib. O, ilk olaraq Almaniya proqramı üçün şirkətlə razılaşıb və şirkətə 1500 AZN ödəniş edilib. Bir müddət sonra şirkət bu proqramın alınmadığını bildirərək vətəndaşı ABŞ təqaüd proqramına yönləndirib və yenidən əlavə 1700 AZN ödəniş tələb ediblər. Beləliklə, şirkətə ümumilikdə 3200 AZN ödənilib.
Şikayətçi qeyd edib ki, şirkət nümayəndələri səfirlik prosesində heç bir problemin olmayacağına dair zəmanət versələr də, zərərçəkən səfirlikdən rədd cavabı alıb. Bundan sonra isə şirkət müqavilədə nəzərdə tutulmayan əlavə 300 AZN ödəniş tələb etməyə başlayıb.
Ziyana uğrayan şəxs iddia edib ki, səfirlikdən imtina aldığı ərəfədə azyaşlı qızının ağır xəstəliklərdən (Tuberoskleroz, Autizm və Epilepsiya) əziyyət çəkdiyi öyrənib: “Mən dərhal şirkətə getdim, yaranmış bu ağır və fors-major durumu, övladımın vəziyyətini onlara bildirdim və ödədiyim vəsaitin geri qaytarılmasını tələb etdim”.
Vətəndaş bildirib ki, hazırda çətin şəraitdədir və maddi vəziyyəti çox zəifdir:
“Mən hazırda kirayədə yaşayıram. Şirkətə ödədiyim 3200 AZN vəsaiti bankdan kredit vasitəsilə götürmüşəm və hər ay banka kredit faizi ödəyərək ciddi maddi itkiyə məruz qalıram. Bir tərəfdən kirayə və kredit öhdəlikləri, digər tərəfdən isə xəstə övladımın həyati vacib müalicə və dərman xərcləri ailəmi çox çətin duruma salıb. Şirkət rəhbərliyi və şəxsən direktor Nigar xanım mənim bu ağır durumumdan və bu vəsaitin övladımın müalicəsi üçün nə dərəcədə kritik olmasından tam xəbərdardır. Buna baxmayaraq, 2025-ci ilin dekabr ayından bəri müxtəlif bəhanələrlə (“maliyyələşmə yoxdur” və s.) məni yola verir, ödənişimi geri qaytarmırlar. Direktor Nigar xanım görüşlərdən yayınır, rəhbərliklə görüş tələblərim nəticəsiz qalır”.
Məsələ ilə bağlı “AİD GROUP” təhsil şirkətinə sorğu göndərsək də, cavab ala bilmədik.




















