Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula fon der Leyenə məktub yazaraq, onun Aİ-nin Ukraynaya 135 milyard avro məbləğində əlavə maliyyə yardımı ayırması təklifini rədd edib.
Medialive xəbər verir ki, bu barədə baş nazir Radio Kossuth-un səhər proqramında danışıb.
Orban məktubun artıq hazırlandığını və tezliklə Brüsselə göndəriləcəyini açıqlayıb.
“Mənim məktubum təkcə Avropa Komissiyası sədrinin təklifinin rədd edilməsini deyil, həm də bu məsələ ilə bağlı əks təkliflərimizi ehtiva edir”, – baş nazir bildirib.
O xatırladıb ki, Avropa Komissiyasının planı Ukraynaya 135 milyard avronun üç mümkün marşrutla ayrılmasını nəzərdə tutur: Rusiyanın Qərbdəki dondurulmuş aktivləri, Aİ büdcələrindən qrantlar və ya Aİ-yə üzv ölkələrin birgə krediti vasitəsilə.
Orbanın sözlərinə görə, bu variantlardan heç biri yoxlanışa tab gətirmir. Konkret olaraq, Rusiya aktivlərinin özgəninkiləşdirilməsi bütün qlobal iqtisadi sistemi, valyuta ehtiyatlarının idarə edilməsinin beynəlxalq sistemini və onun Avropa komponentini mütləq sarsıdacaq, – hökumət başçısı xəbərdarlıq edib.




















