Pakistan hökuməti ticarət sazişi çərçivəsində ABŞ-dən “West Texas Intermediate” (WTI) yüngül xam neftin üç göndərişindən birincisini alıb.
Medialive “Dawn” qəzetinə istinadən xəbər verir ki, Pakistanın neft emalı şirkəti Cnergyico PK nefti amerikalı treyder Vitoldan alıb.
Pegasus tankeri Kəraçi limanına bir milyon barel neft çatdırıb ki, bu da Pakistanın xam neft idxalının şaxələndirilməsində mühüm mərhələ olub və ABŞ ilə ticarətini artıracağı gözlənilir.
1 milyon barellik ABŞ xam neftinin ikinci tədarükünün noyabrın ortalarında, üçüncünün isə 2026-cı ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır. Bu neft tədarüklərinin Pakistanın ABŞ ilə ticarət balansını ümumilikdə təxminən 200 milyon dollar yaxşılaşdıracağı gözlənilir.
Neft tədarükünə dair razılaşma Pakistan və ABŞ arasında aprel ayından bəri davam edən danışıqlardan sonra iyunun 30-da əldə edilib. Bu danışıqlar ABŞ Prezidenti Donald Trampın Pakistan idxalına 29%-lik rüsum tətbiq etməklə hədələməsindən sonra başlayıb. Nəticədə, Pakistanın Maliyyə və Neft Nazirliyi yerli neft emalı zavodlarını Amerika xam neftinin idxalını nəzərdən keçirməyə çağırıb.
Qeyd edək ki, neft Pakistanın əsas idxalıdır. 2024-2025-ci maliyyə ilində bu əmtəə üçün 11,3 milyard dollar və ya İslam Respublikasının ümumi idxalının təxminən beşdə biri ayrılıb.




















