Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini bildirib. O, Bakı ilə bu istiqamətdə işləməyin vacibliyini vurğulayıb.
Medialive.az xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında danışıb.
“Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilədək imzalana bilər. Daha dəqiq desəm, hesab edirəm ki, sazişi 2027–2028-ci illərdə imzalamalıyıq. Azərbaycanla işləməliyik”, – deyə Ermənistanın baş naziri bildirib.
Xatırladaq ki, oktyabrın 15-də Ermənistan hökumətinin iclasında Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanmalı və ratifikasiya edilməli olduğunu bəyan etmişdi.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətnini paraflayıblar.
Həmin gün ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birgə bəyannamə imzalayıblar.
Azərbaycan tərəfi dəfələrlə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsini şərt kimi irəli sürüb. Rəsmi Bakı bildirib ki, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.
