Ermənistan baş naziri Nikol Paşinyanın uğursuz səyləri sayəsində yaranmış vəziyyəti düzəltmək üçün Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan BRİKS ölkələrinin iştirakı ilə İran-Ermənistan dəmir yolunun tikintisini təklif edib.
Medialive xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
“Vəziyyət çox pisdir. Getdikcə də pisləşir, çünki Azərbaycan və Türkiyə daim yeni tələblər irəli sürürlər. Ona görə də mən təklif edirəm ki, Vaşinqton Sülh Bəyannaməsinə uzunmüddətli sülhü təmin edəcək mühüm komponentlər əlavə edilsin. Konkret olaraq, biz BRİKS ölkələrinin iştirakı ilə Ermənistan və İranı birləşdirən dəmir yolunun tikintisini təklif edirik”, – Zurabyan qeyd edib.
Artsax sakinlərinin vətənlərinə qayıtmalarının mümkünlüyü ilə bağlı sualı cavablandıran Levon Zurabyan qeyd edib ki, ideologiyanın antierməni əhval-ruhiyyəsi üzərində qurulduğu ölkəyə indi yalnız dəli qayıtmaq istəyər:
“Beləliklə, belə qənaətə gəldik ki, qayıdış yalnız Azərbaycan möcüzəvi şəkildə demokratikləşərsə və ya Azərbaycanın bu ərazidə suverenliyi məhdudlaşarsa, mümkün olacaq. Buna diplomatik təzyiqlə nail olmaq mümkün deyil. Onda biz müharibədən danışırıq. Amma hətta müharibədən də danışmaq lazımdırmı? Mən buna şübhə edirəm. Öz tarixi vətənlərinə qayıtmaq hüququnu tanımaqla yanaşı, biz Ermənistana gələcəkdə daha vacib olan məsələni həll etməyə imkan verməliyik. Gələcəkdə geri dönə biləcək mühüm bir cəmiyyət kimi bizim missiyamız Ermənistanı onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində xilas etməkdir”, – Zurabyan yekunlaşdırıb.




















