Pentaqonun yüksək vəzifəli rəsmiləri ABŞ silahlı qüvvələrinin əsas qərargahını yenidən təşkil etmək planı hazırlayırlar.
Medialive xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr yazıb ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM), ABŞ Avropa Komandanlığının (EUCOM) və ABŞ Afrika Komandanlığının (AFRICOM) qərargahlarının rolunu azaltmaq, onları yeni bir strukturun – ABŞ Beynəlxalq Komandanlığının nəzarəti altına keçirmək planları var.
Plan həmçinin Qərb yarımkürəsində hərbi əməliyyatlara nəzarət edən ABŞ Cənub Komandanlığının (SOUTHCOM) və ABŞ Şimal Komandanlığının (NORTHCOM) yeni ABŞ Amerika Komandanlığı (AMERICOM) altında yenidən təşkil edilməsini nəzərdə tutur.
Qeyd olunub ki, bundan əlavə, Pentaqon nümayəndələri AMERICOM-a hesabat verəcək ABŞ Arktika Komandanlığının yaradılmasını müzakirə ediblər, lakin bu ideyadan çox güman ki, imtina edilib.
Nəşrin mənbələri bildirib ki, planlaşdırılan dəyişikliklər administrasiyanın resursları Yaxın Şərq və Avropadan uzaqlaşdırmaq üçün digər səylərini tamamlayacaq və əsasən Qərb yarımkürəsində hərbi əməliyyatların genişləndirilməsinə yönələcək.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Keynin yaxın günlərdə təklifləri Heqsetə ətraflı şəkildə təqdim etməsi gözlənilir.




















