“Polşanın xarici işlər naziri Radoslav Sikorski hazırda ölkədə fəaliyyət göstərən Qdanskdakı son Rusiya Baş Konsulluğunu bağlamaq qərarını açıqlayıb.
Eyni zamanda Polşa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Varşava Moskva ilə diplomatik münasibətləri kəsmək niyyətində deyil.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında və 2025-ci ilin mayında Polşanın xarici işlər naziri Moskvanın Polşa ərazisində təxribat törətməkdə ittiham edildiyini əsas gətirərək Poznan və Krakovdakı Rusiyanın baş konsulluqlarını bağlayıb.
Bu qərarlara cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburq və Kalininqraddakı baş konsulluqlarını bağlayıb. Polşanın hazırda Rusiyada, İrkutskda bir baş konsulluğu, həmçinin Moskvada konsulluq bölməsi olan səfirliyi fəaliyyət göstərir. Rusiya isə Varşavada səfirliyini və yaxın vaxtlara qədər Qdanskda baş konsulluğunu saxlayır.




















