Varşava Aİ-ni gözləmədən özünün “dron divarı” üzərində işə başlamağı planlaşdırır.
Medialive xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik “Bloomberg”ə bildirib.
O bidirib ki, bu ay onun nazirliyi dronların aşkarlanması və qarşısının alınması texnologiyaları üçün investisiya məbləğini açıqlayacaq.
Tomçik bildirib ki, müqavilələrin ən azı yarısı Polşa şirkətlərinə verilməlidir.
“Biz bütün Aİ üzərində səmanı qorumaq ideyası ilə razıyıq və xarici təklifləri və ya həll yollarını nəzərdən keçirməyə hazırıq. Bununla belə, biz milli layihələrə üstünlük veririk”, – nazir müavini bildirib.
“Dron divarı” layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsüdür və Rusiya ilə sərhəddə çoxqatlı monitorinq sistemi və avtomatlaşdırılmış pilotsuz uçuş əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlib. Layihə hazırda inkişaf və prototip seçimi mərhələsindədir.




















