“Maduronun başına gətirilənlər birbaşa beynəlxalq hüququn “zorlanmasıdır”. Özü də demokratiyadan dəm vuran bir dövlət tərəfindən bunun edilməsi sadəcə təəssüf doğurur”.
Bu sözləri Medialive.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
O bildirib ki, Putinə dur deyən dünya Trampa da eyni təpkini verməlidir:
“Bu artıq o deməkdir ki, “mən gücəmsə, istədiyim yerə girə bilərəm, rəhbəri də devirə bilərəm”. Bu da heç də yaxşı hal deyil. Düşünürəm ki, Putinə dur deyən dünya Trampa da eyni təpkini verməlidir. Zelenski və Maduro arasında ola bilər ki, birinin diktator, digərinin demokrat olması ilə bağlı fərq olsun. Amma Putinin Ukraynaya girməsi ilə Trampın Venesuelaya daxil olması arasında elə də ciddi fərq görünmür”.
Politoloq qeyd edib ki, harada neft varsa, Amerikanın gözü ordadır:
“Tramp son davranışı fonunda şirnikləşdi. Sırada Latın Amerikası ölkələri nədir, digər yerlər də var. Məsələn, İran bundan heç bir halda sığortalanmayıb. Dünya artıq bu faktla bir daha üzləşdi. Dünya heç də beşdən böyük deyil və ikiqütblüdür. Bir tərəfdə Rusiya, digər tərəfdə isə Amerika dayanıb. Sonrakı yer – Çin barədə danışmaq olar…”.
Mikayıl Mirzəzadə




















