“Qafqazinfo”nun rəsmi “Instagram” səhifəsinə kiberhücum edilib.
Medialive.az xəbər verir ki, hücuma səbəb şənbə günü “Təhsil TV”yə istinadla yayımlanan “Üzündən oxuya bilmir, hər il yarısı ana dilindən kəsilir…” adlı material olub.
Bunu saytın baş redaktoru Günel Əbilova deyib.
O bildirib ki, sözügedən reportaj həm “Qafqazinfo”nun saytında, həm də sosial şəbəkə hesablarında paylaşılıb. Paylaşımdan bir neçə saat sonra 618 min izləyicisi olan rəsmi “Instagram” səhifəsi videoda guya müəllif hüquqlarının pozulması iddiası ilə bloklanıb. Bildirilib ki, şikayət nerminka1992@gmail.com elektron poçt ünvanı vasitəsilə edilib.
Məsələ ilə bağlı videonun müəllifi olan “Təhsil TV” ilə dərhal əlaqə saxlanılıb. Qarşı tərəf yayımlanan materialla bağlı heç bir şikayət etmədiklərini və qeyd olunan gmail hesabının onlara məxsus olmadığını qeyd edib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, müraciət əsasında hazırda araşdırma aparılır.
G.Əbilova qeyd edib ki, bu, sıradan bir adamın şikayəti deyil:
“Son aylar instaqram səhifəmiz ölkənin ən çox baxılan xəbər səhifələrindən biridir, aylıq 130 milyon, həftəlik 35 milyon baxışa sahibdir. Bu isə hansısa kiberqruplaşmanı narahat etməyə bilməzdi. Biz bunu saytımıza kiberhücum hesab edirik və nerminka1992@gmail.com-u işlədən şəxs və şəxslərin məsuliyyətə cəlb olunacağına inanırıq. Niyə bunu kiberhücum adlandırırıq? Biz düşünürük ki, bu sıradan bir adamın şikayəti deyil və əgər videonun müəllifi tərəfindən sözügedən şikayət irəli sürülsəydi, siz dediyiniz kimidir. Bu isə planlı şəkildə səhifəmizi və başqa səhifələri də həfədə alan bir və bir qrup adamın işidir. Bizdən əvvəl də başqa səhifələr belə şikayətlərlə bağlanılıb. Səhifənin bərpa olunması istiqamətində iş gedir, ümid edirik ki, qısa zamanda həll olunacaq”.
Qeyd edək ki, bu barədə “Qafqazinfo”nun “Facebook” səhifəsində də məlumat paylaşılıb. Paylaşımın şərh hissəsində diqqətəkən xüsusi məqam var. Belə ki, bloqer Tural Sadıqlı “Hazırlaşın, tvmusavat”,- deyə şərh yazıb. Bloqer Məhəmməd Mirzəli isə ona cavab olaraq bunun hələ başlanğıc oldğunu bildirib.
Bu sözlər “Qafqazinfo”ya edilən hücumda adıçəkilən şəxslərin də payı olduğuna dair şübhələr yaradır. Həqiqət isə hüquq mühafizə orqanlarının araşdırmalarının nəticəsində məlum olacaq.





















